Avropa İttifaqının maliyyə dəstəyi ilə BMTİP, Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycan Gənclərinin Nailiyyəti Təşkilatı peşə təhsili tələbələri üçün birgə onlayn karyera təlimləri təşkil edib.
Bakı, 15 may 2020-ci il – Avropa İttifaqının maliyyə dəstəyi ilə, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində Azərbaycanda peşə təhsili müəssisələrinin tələbələri üçün karyera üzrə onlayn təlim sessiyaları təşkil edilib.
Təlim proqramı karyera planlaşdırılması, fərdi peşəkar inkişaf planının tərtibi, iş axtarma yolları və müsahibə mərhələsinə hazırlıq kimi müxtəlif mövzuları əhatə edib.
Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin mütəxəssisi tərəfindən aparılan iki həftəlik təlim proqramı peşə təhsili tələbələrinin gələcək işə dair daha aydın təsəvvür formalaşdırmasına imkan yaradıb. Onlayn təlim sessiyalarında Gəncə və Cəlilabad peşə təhsil müəssisələrinin 60 tələbəsi və müəllimlər iştirak edib.
Proqram, Avropa İttifaqının maliyyələşdirdiyi, BMTİP və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə icra etdiyi Azərbaycanın peşə təhsili sisteminin daha da gücləndirilməsi və müasirləşdirilməsi məqsədi ilə həyata keçirilən “Lənkəran İqtisadi Rayonunda Regional Model Peşə Təhsili Mərkəzinin Yaradılması” və “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Təhsili Mərkəzinin Yaradılmasına dəstək” layihələri çərçivəsində hazırlanıb.
Koronavirus pandemiyası zamanı, adıçəkilən layihələr tələbələrin dərslərdən geri qalmaması və təhsildə fəal iştirakı məqsədilə televiziya dərsləri, onlayn kurslar və karyera təlim sessiyalarının hazırlanmasına yardım edib.
Karyera təlim proqramının davamlılığı nəzərdə tutulur.