Gənclərin innovativ təşəbbüsləri yeni startupların yaranmasına təkan verir
02 iyun 2023-cü il tarixində Azərbaycan Respublikası Gənclər Fondunun və “PAŞA Bank”ın dəstəyi ilə Azərbaycan Gənclərinin Nailiyyəti (Junior Achievement -JA Azerbaijan ) ictimai birliyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) tərəfindən icra edilən “Gənclərin innovativ təşəbbüslərinin dəstəklənməsi” layihəsinin İnnoland İnkubasiya və Akselerasiya Mərkəzində bağlanış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov və ASAP-ın icraçı direktoru Rafael Hacıbəyli çıxış edib. Bildirilib ki, hazırda ümumilikdə ölkəmizdə innovasiyaların inkişafı və müxtəlif sahələrə tətbiqi üçün əlverişli şərait yaradılıb. İstedadlı startapçıların Azərbaycanda fəaliyyət göstərməsi, öz bilik və bacarıqlarını ölkədə tam realizə edə bilməsi iqtisadiyyatımızın inkişafına müsbət təsir göstərəcək, ölkəmizin güclənməsinə xidmət edəcək. Bu layihənin də əsas məqsədi sosial və ekoloji problemlərin həlli istiqamətində gənclərin ideyalarını dəstəkləmək, onların peşəkar bacarıqlarını formalaşdırmaq və gənclər arasında sahibkarlıq düşüncə tərzini inkişaf etdirməkdir. Beləliklə, bu layihə Azərbaycanda startap ekosisteminin inkişafında gənclərin aktiv iştirakına öz töhfəsini verib. Xaricdə təhsil alan gənclər də bu layihə vasitəsilə öz startaplarını formalaşdırmış oldular. Bunulada xaricdə əldə etdikləri təcrübənin əyani tətbiqi üçün yeni imkan yarandı.
JA Azərbaycan təşkilatının icraçı direktoru Sevinc Məmmədovanın moderatorluğu ilə keçirilən tədbirdə qeyd edilib ki, 30 gənc 6 komanda formasında ilkin olaraq “İdeyanı dizayn et” adlı üç günlük intensiv “boot-camp”da iştirak ediblər. Daha sonra isə müxtəlif mentorların dəstəyi ilə iki ay müddətində öz layihələrinin üzərində çalışıblar.
Layihələrin təqdimat mərasimindən sonra münsiflər heyəti tərəfindən 3 qalib komanda seçilib. Onlardan “İzzi Pay” startapı I yerin, “Smart Drop” startapı II yerin, “Wise Connect” startapı isə III yerin qalibi olub. Qalib komandalara layihələrinin ilkin hazırlanması üçün pul mükafatı verilib, eyni zamanda komandalar Sabah.Lab-da akselerasiya proqramında iştirak imkanı əldə ediblər.
Qeyd edək ki, 18-29 yaş arası gənclərin iştirakı ilə keçirilən “Gənclərin innovativ təşəbbüslərinin dəstəklənməsi” layihəsi üç mərhələdə icra olunub.