Məktəblər üçün yeni tədris və təlim vasitələri
Azərbaycan Gənclərinin Nailiyyəti İctimai birliyi bp və tərəfdaşlarının maliyyə dəstəyi ilə icra etdiyi sosial layihəni uğurla başa çatdığını elan edib. Layihənin əsas məqsədi orta məktəblərdə maliyyə savadlılığı və sahibkarlığın tədrisə dəstək məqsədi ilə yeni resursların hazırlanması idi. Bununla yanaşı layihə distant təhsil imkanlarının artırılmasını da hədəfləyirdi.
Layihənin hazırlayıb təklif etdiyi materail tədris planından kənar məzmun olmaqla karyera planlaşdırması, maliyyə savadlılığı və sahibkarlıq haqqında onlayn dərslər üçün nəzərdə tutulub. Material hazırlandıqdan sonra video dərslər şəklində ümumi və onlayn televiziyalar, həmçinin digər rəqəmsal kanallar vasitəsilə geniş təqdim edilib. Sahibkarlıq haqqında on dərs, maliyyə savadlılığı haqqında doqquz dərs və karyera planlaşdırması haqqında iki dərs hazırlanıb. Bunların arasında “Mən sahibkaram”, “Mənim büdcəm”, “Mənim gələcəyim” kimi bəzi video dərslər Təhsil Nazirliyinin 114000 abunəçisi olan “YouTube” kanalında kifayət qədər populyarlaşıb.
Bundan əlavə, layihə dövlət və özəl sektoru təmsil edən uğurlu karyera sahibləri ilə keçirilmiş doqquz onlayn müsahibə əsasında hazırlanmış xüsusi təlim proqramları da təklif edib. Bunlar məşğulluq tendensiyaları, karyera yolları və iş tələbləri kimi mövzularda interaktiv müzakirələrdən ibarət olub.
Layihənin məqsədi həmçinin maliyyə savadlılığı və sahibkarlıq mövzularında sinifdənkənar məşğələlər üçün vəsait hazırlanmasında Təhsil Nazirliyinə dəstək vermək olub. Nazirlik artıq bu məzmunu ölkənin müxtəlif yerlərində ümumilikdə 30 məktəbdə istifadə etməyə başlayıb. Bu məşğələlərə hazırlıq məqsədilə Bakı, Abşeron, Sumqayıt, Gəncə, Mingəçevir, Masallı, Qax, Zaqatala və Qəbələdən seçilmiş məktəblərin bir qrup müəllimi üçün onlayn təlim təşkil olunub və həmin müəllimlər xüsusi hazırlanmış metodik vəsaitlə təmin edilib.
bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli demişdir:
“İnanırıq ki, layihə çərçivəsində hazırlanmış material həm onlayn dərslərdə, həm də canlı məşğələlərdə istifadə edilə biləcək dəyərli tədris və təlim vəsaitidir. Təhsil Nazirliyi artıq 3230 şagirdi, 64 müəllimi və 122 sinfi əhatə etməklə 30 məktəbdə bu məzmunun pilot istifadəsinə başlayıb. Geniş mənada baxsaq, hər bir insan karyera planlaması, maliyyə savadlılığı və sahibkarlıq haqqında yaxşı biliyə malik olmalıdır. Bu biliyə nə qədər tez yiyələnsək, hər bir işdə qarşıya çıxa biləcək çətinliklərə qarşı bir o qədər hazırlıqlı olarıq. Ümidvarıq ki, bu layihə bir çox gəncin uğurlu karyera yoluna hazırlığında yardımçı olacaq.”