Təşəbbüskar və İnnovativ Gəncliyə doğru
14-15 yanvar 2020-ci il – Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyi BMT-nin Uşaq Fondunun təşəbbüsü ilə Sahibkarlıq seminarı təşkil etmişdir. Seminar Avropa İttifaqının maliyyə dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun əməkdaşlığı ilə icra edilən “Gənclərin Liderlik və Peşəkar İnkişafı” proqramı çərçivəsində baş tutmuşdur. Seminarın əsas məqsədi gənclərimizin sərhədlər olmadan yaradıcı və innovativ düşünmələrinə təkan vermək və sahibkarlıq istiqamətində bilik və bacarıqlarını artırmaq olub.
Seminar AGN-nin Məşvərətçi Heyətinin üzvü, akselerasiya proqramlarının banisi, tanınmış beynəlxalq mühazirəçi, ictimai ekosistem qurucusu, İsrail əsilli Tal Catran tərəfindən keçirilmişdir. 2 gün davam edən seminarda Binəqədi rayon Gənclər Evi, Xəzər rayon Gənclər Evi, Mingəçevir şəhəri Gənclər Evi, Şəmkir, Biləsuvar, Qazax Gənclərinin İnkişaf və Karyera Mərkəzlərinin əməkdaşları və könüllüləri iştirak etmişdir.
Seminarın ilk günü gənclərimiz “İnnovasiya nədir? Yaradıcı olmaq nə deməkdir? Xəyallarımızı gerçəkləşdirən texnologiya necə yaradılır və necə gündəlik həyatımıza daxil olur?” kimi müasir sahibkarlığın cavablandırdığı sualları Tal Catran ilə birgə müzakirə etdilər. Tal Catran həmçinin startap layihələrinin yaradılması və onlara ehtiyaclara əsasən investisiya edilməsi haqqında öz təcrübələrini gənclərlə bölüşdü. Seminarın son günü gənclərimiz qruplar şəklində öyrəndikləri bilik və bacarıqlara əsasən olduqca maraqlı və innovativ startap layihələrini təqdim etdilər.
Yekunda Gənclər Evlərinin, İnkişaf və Karyera Mərkəzlərinin əməkdaşlarına sertifikat təqdim olundu.
Biz inanırıq ki, sahibkarlıq gələcək liderlərin və innovatorların uğurlu karyerası üçün təməl bir komponentdir. Buna görə biz bütün yaşlarda olan gəncləri və tələbələri kreativ düçüncə, risk almaq, uğursuzluqla mübarizə aparmaq, habelə, yüksək texniki biliyə sahib olmaq, bacarıq və istedadlarını üzə çıxarmaq üçün sahibkarlıq üzrə tədris etməliyik.