Ağıllı Büdcə layihəsi Poster yarışı ilə yekunlaşdı.
1 fevral 2020-ci il tarixində, gənclər günü münasibətilə Azərbaycan Gənclərinin Nailiyyəti ictimai birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Ağıllı Büdcə” layihəsi çərçivəsində Poster yarışı təşkil etdi. Layihənin strateji tərəfdaşı Azərbaycan Respublikasının Təhsil Nazirliyidir.
Tədbirin əsas məqsədi maliyyə savadlılığı üzrə mövzuların gənclər tərəfindən poster üzərinə köçürərək təqdim etmə, yaradıcı düşünmə kimi bacarıqlarını inkişaf etdirmək və gənclər arasında maliyyə savadlılığını təşviq etmək idi.
İki mərhələdə icra olunan layihənin ilkin mərhələsində 314 nəfər şagird interaktiv büdcə oyunu ilə büdcə planlaşdırılması, büdcəyə nəzarət, gəlir, xərc və qənaət etmək kimi anlayışlar ilə tanış oldu və bu istiqamətdə praktiki bacarıqlarını artırdılar. “Ağıllı Büdcə” layihəsinin növbəti mərhələsi olan poster yarışında 30 komandadan ibarət 180 nəfər gənc iştirak etdi. Komandalar maliyyə savadlılığının toxunduğu pul və əmək, büdcə və büdcə planlaşdırılması, bank xidmətləri, vergi, sığorta, pensiya kimi mövzulara aid şüarlar əsasında posterlər hazırladılar.
Poster yarışı Azərbaycan Respublikasının Mərkəzi Bankı, Paşa Bank, Access Bank, Bank Respublika və Sparkassenstiftungun Azərbaycandakı nümayəndəliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirildi. Tərəfdaşlar müsiflər heyətinin üzvü olaraq layihəyə cəlb olunmuş və şagirdlərin hazırladığı posterləri altı nominasiya üzrə qiymətləndirmişlər. Hər nominasiya üzrə qalib komandalara Mərkəzi Bank tərəfdində maraqlı hədiyyələr təqdim olunmuşdur.
Bundan əlavə müsiflər heyəti kreativ yanaşma, maraqlı dizayn, mesajın aydınlığı, təqdim etmə qabiliyyətinə görə qiymətləndirmə apararaq dörd ən yaxşı poster hazırlayan komandaları 1-ci, 2-ci və 3-cü, 4-cü yerə layiq gördülər. Qalib komandalara sertifikatlar və tərəfdaşlar tərəfindən digər hədiyyələr təqdim olundu.