AGN gənclərin peşəkar inkişafı istiqamətində dövlət və beynəlxalq sektorlarla əməkdaşlığı genişləndirir.
Azərbaycan Gənclərinin Nailiyyəti – Junior Achievement (JA) Azərbaycan “Gənclərin Liderlik və Peşəkar İnkişaf” proqramını (2019-2020) BMT-nin Uşaq Fondunun və Avropa İttifaqının maliyyə dəstəyi ilə icra edir. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun tərəfdaşlığı ilə həyata keçirilən layihənin əsas məqsədi gənclərin peşəkar bacarıqlarını və məşğulluq imkanlarını artırmaqdır.
Layihə çərçivəsində Binəqədi rayon Gənclər Evi, Xəzər rayon Gənclər Evi, Mingəçevir şəhəri Gənclər Evi, Şəmkir, Biləsuvar, Qazax Gənclərinin İnkişaf və Karyera Mərkəzləri ilə sıx əməkdaşlıq ediləcəkdir. Bunun üçün ilkin olaraq JA-in üç istiqaməti üzrə – İş və Karyera hazırlığı, Maliyyə Savadlılığı və Sahibkarlıq – təlim proqramlarının sözügedən Gənclər Evlərində və İnkişaf və Karyera Mərkəzlərində tədrisi planlaşdırılır. İlkin mərhələdə AGN Gənclər Evlərinin gənc əməkdaşları üçün Təlimçilərin təlimini təşkil edəcək. Təlimçilərin təlimlərindən sonra yerlərdə Gənclər Evlərinin əməkdaşları əldə etdikləri təcrübəni öz üzvləri üçün təlimlərdə tətbiq edəcəklər.
Proqrama hər bir gənclər evindən 4 nəfər olmaqla 24 nəfər əməkdaş cəlb olunacaqdır. Layihədə karyera və işə hazırlıq istiqaməti üzrə il ərzində müxtəlif yaş qruplarından 1500, maliyyə savadlılığı və sahibkarlıq istiqaməti üzrə 240 nəfər gəncin iştirakı planlaşdırılır. Bu istiqamət üzrə cəlb olunacaq gənclər 5 nəfərlik qruplarda işləyərək 48 sosial və biznes yönümlü layihələr hazırlayaraq müsabiqədə iştirak edəcəklər. Hər bir gənclər evindən 3 layihə olmaqla proqram çərçivəsində 18 layihə maliyyələşəcəkdir.
Qeyd edək ki, layihələrarası yarışma əsasında ilk 3 layihə mükafatlandırılacaqdır.
Gənclərin ictimai həyatda rolunun artırılmasına və məsul vəzifələrə irəli çəkilməsinə şərait yaradılmalıdır. Bu baxımından onların liderlik bacarıqlarının, o cümlədən qərar qəbul etmə, natiqlik, məsuliyyəti öz üzərinə götürmə kimi xüsusiyyətlərinin müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilməsi aktual məsələlərdəndir. Tərəfdaşlarımızla birgə bizim hədəfimiz gənclərin bu kimi bacarıqlara yiyələnərək öz gələcək karyera yolunu uğurla seçmələrinə kömək etməkdir.