Ekspertlərlə onlayn görüşlər
Azərbaycan Gənclərinin Nailiyyəti ictimai birliyi orta və peşə məktəbi müəllimləri üçün müxtəlif sahibkarlıq mövzuları üzrə ekspertlərlə ardıcıl onlayn görüşlər təşkil etmişdir. Görüşlər Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Gənclərin Sahibkarlıq Fəaliyyətinə Dəstək” layihəsi çərçivəsində baş tutmuşdur.
Görüşlərin məqsədi mövcud pandemiya dövrü və karantin rejimində müəllimlərin sahibkarlıq təhsili üzrə biliklərinin aktual saxlanılmasına çalışmaq və bu istiqamətdə müəllimlərin potensialını daha da artırmaqdır.
Onlayn görüşlərə Azərbaycan Sahibkarlar Konfederasiyasından Kristina Məmmədova, Nərmin Qəniyeva, Xəyalə Məmmədova, Şəms Bayramzadə, “ABAD” – dan Cəmid Mövsümov, Azərbaycan Meyvə Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasından Jalə Əmirbəyova, PAŞA bankdan Fidan Tofidi və Azercelldən İradə Məmmədova ekspert olaraq dəvət edilmişdir. Ekspertlərin cəlb edilməsində layihə partnyoru olaraq AMFA yaxından iştirak etmişdir.
İlkin olaraq Azərbaycanda uğurlu sahibkar xanımlar arasında seçilən Jalə Əmirbəyova ilə görüş keçirildi. Görüşdə sahibkar olaraq ekoloji kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən Jalə xanım biznesdə uğur qazanmağın yollarını, diqqət edilməli məqamları öz biznes təcrübəsindən yola çıxaraq müəllimlərin nəzərinə çatdırdı.
ASK-nın əməkdaşları ilə baş tutmuş görüşlərdə məşğulluq vasitəsi kimi sahibkarlıq, biznes ideyanın formalaşmasında ehtiyac və problemin müəyyən edilməsi, biznes plan və onun tərkib hissələri, biznesdə sərbəst çıxışetmə və təqdimetmə bacarıqları kimi mövzulara toxunuldu və hər bir ekspert öz təcrübələrini müəllimlərlə bölüşdü.
ABAD-ın layihələr üzrə direktor müavini Cəmid Mövsümov isə biznesdə müştəri faktoru, mövcud bazara uyğun məhsul və xidmət mövzusunda maraqlı təqdimat ilə çıxış etdi.
PAŞA Bank və Azercellin koorporativ kommunikasiya departamentinin mütəxxəsisləri Fidan Tofidi və İradə Məmmədova ilə birgə sonuncu görüşdə müəllimlər ümumi startup anlayışı və onun ənənəvi biznesdən fərqi haqqında maraqlı məlumat əldə etdilər.
Qeyd edək ki, “Gənclərin Sahibkarlıq Fəaliyyətinə Dəstək” layihəsinə ümumilikdə 100-ə yaxın müəllim təlimçi olaraq cəlb edilmişdir. Layihə çərçivəsində bu günə qədər müəllimlərə maliyyə savadlılığı və sahibkarlıq üzrə təlimçilərin təlimi təşkil edilmişdir.