“Gənclərin İnnovativ Təşəbbüslərinə Dəstək” layihəsi çərçivəsində “İdeyanı dizayn et” boot-campı həyata keçirildi!
Azərbaycan Respublikası Gənclər Fondunun və “PAŞA Bank”ın dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP), Junior Achievement Azerbaijan (JAA – Azərbaycan Gənclərinin Nailiyyəti İB) təşkilatının birgə təşkilatçılığı ilə xaricdə təhsil alan və təhsilni başa vurmuş gənclərin iştirak etdiyi yeni bir layihə start götürüb.
Layihənin birinci hissəsi olan “İdeyanı dizayn et” adlı “boot-camp” üç gün müddətində keçirilib.
Açılış mərasimində JAA-nın icraçı direktoru Sevinc Məmmədova, “PAŞA Bank”ın əməkdaşı Fərhad Mansurov və ASAP-ın əməkdaşı Seyfur Hacımuradov çıxış edərək layihənin məqsədi barəsində məlumat veriblər.
Bildirilib ki, bu layihənin əsas məqsədi sosial və ekoloji problemlərin həlli istiqamətində gənclərin ideyalarını dəstəkləmək, onların peşəkar bacarıqlarını formalaşdırmaq və gənclər arasında sahibkarlıq düşüncə tərzini inkişaf etdirməkdir. Beləliklə, bu layihə Azərbaycanda startap ekosisteminin inkişafında gəncləri aktiv iştiraka təşviq edəcəkdir. Xaricdə təhsil alan gənclər bu layihə vasitəsilə öz startaplarını formalaşdırmış olacaqlar.
Qeyd edək ki, 18-29 yaş arası gənclərin iştirakı ilə keçirilən “Gənclərin innovativ təşəbbüslərinin dəstəklənməsi” layihəsi üç mərhələdə keçiriləcək.
Qalib üç komandaya layihələrinin ilkin hazırlanması prosesi ilə bağlı pul mükafatı veriləcək.