Gənclərin karyera planlaşdırması və inkişafı təlimləri yeni formatda
Pandemiya dövründə uğurla davam edən “Gənclərin Liderlik və Peşəkar İnkişafı” layihəsi bir sıra rəqəmsal resurslardan istifadə edərək Bakı, Biləsuvar, Mingəçevir, Qazax və Şəmkirdə yaşayan bir sıra gənci onlayn karyera planlaşdırması və inkişafı proqramına cəlb etmişdir. BMT-nin Uşaq Fondunun təşəbbüsü və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən bu layihə Binəqədi, Xəzər və Mingəçevir Gənclər Evləri, Şəmkir, Biləsuvar və Qazax Gənclərinin İnkişaf və Karyera Mərkəzləri ilə əməkdaşlıq çərçivəsində icra olunur.
Üç ay davam edən Gənclərin Karyera Planlaşdırması və İnkişafı proqramının əsas məqsədi gəncləri iş dünyası ilə tanış etmək, fərdi peşəkar inkişaf planının tərtibi, iş axtarma yolları və müsahibə mərhələsinə hazırlıq və gələcək peşə və bacarıqlara dair aydın təsəvvür formalaşdırılmasına imkan yaratmaqdır. Ümumilikdə yuxarıda adları qeyd edilən şəhər və rayonlardan 13 – 25 yaş arasında olan 220 nəfər gənc beş moduldan ibarət olan təlim proqramına cəlb edilmişdir.
Təlimdən faydalanan gənclər öz şəxsi inkişaf yollarını aydınlaşdırmağı bacarmaq, özünün və peşə ilə bağlı ehtiyaclarını müəyyən etmək, şəxsi inkişaf istiqamətlərini analiz etməklə özünə uyğun karyera qurmaq, praktiki tapşırıqlar vasitəsilə məqsədə gedən yolu müəyyənləşdirmək üçün bilik və bacarıqlar əldə etmişdir. Bundan əlavə, təlim çərçivəsində gənclərə əsas karyera məqsədlərini müəyyən etmək, karyera inkişafı üçün lazım olan məlumatlara yiyələnərək özünə karyera planı qurmaq, təhsilini başa vurduqdan sonra iş axtarmaq, işə qəbul üsulu və mərhələlərinə bələd olmaq, CV yazılma qaydasını öyrənmək, müsahibə şərtləri ilə tanış olaraq peşəsi üzrə mövcud addımları atmaqda metodiki kömək göstərilmişdir.
Nəticə olaraq, Karyera Planlaşdırması təlimi, eyni zamanda, karantin qaydalarının sərt olduğu dönəmlərdə gəncləri bir araya gətirərək, distant təhsilin əhəmiyyətini göstərməyə və distant təhsilə cəlb olunmağa kömək etmişdir. AGN həmçinin gəncləri “Maliyyə savadlılığı” və “Sahibkarlıq” təlimlərinə cəlb etməyi planlaşdırır. Bu təlimlər sayəsində gənclər, şəxsi maliyyənin əsas elementlərini real həyatda tətbiq etmək və düzgün qərar qəbul etmək bacarığını öyrənəcək.