“Gənclərin Sahibkarlıq Fəaliyyətinə Dəstək” layihəsinin açılış konfransı keçirilib.
Noyabrın 21-də Azərbaycan Gənclərinin Naliyyəti İctimai Birliyi (Junior Achievement Azerbaijan) Avropa İttifaqı və PAŞA Bank tərəfindən maliyyələşdirilən “Gənclərin Sahibkarlıq Fəaliyyətinə Dəstək” adlı layihəsinin açılış konfransını keçirdi. Açılış konfransında bir sıra dövlət, ictimai, özəl sektorun və səfirliklərin nümayəndələri ilə yanaşı Azərbaycan Respublikası Təhsil Nazirinin müavini xanım Məhəbbət Vəliyeva və Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri cənab səfir Kestutis Yankauskas da iştirak edib.
Konfransın açılışını edən Azərbaycan Gənclərinin Nailiyyəti İB-in idarə heyətinin sədri, Şevron Xəzər şirkətinin ölkə üzrə rəhbəri Bəxtiyar Axundov tədbiri açıq elan etdikdən sonra sözü Azərbaycan Respublikası təhsil nazirinin müavini xanım Məhəbbət Vəliyvaya verdi. Məhəbbət Vəliyeva çıxışında cəmiyyətin davamlı inkişafında təhsilin mühüm rolunu vurğulayaraq “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı iştirakçıların diqqətinə çatdırdı. Xanım Vəliyeva öz çıxışında gənclər arasında maliyyə savadlılığının və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyətinə də toxunub. Qeyd olunub ki, 21-ci əsrdə maliyyə savadlılığı və sahibkarlıq bacarıqları şagirdlərin əldə etməsi gərəkən ən vacib səriştələrdəndir və bu səbəbdən “Gənclərin Sahibkarlıq Fəaliyyətinə Dəstək” layihəsinin icrası Təhsil Nazirliyi üçün böyük əhəmiyyət kəsb edir.
Konfransda çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab səfir Kestutis Yankauskas bu layihənin Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasındakı əməkdaşlığın prioritet istiqamətləri ilə uyğun gəldiyini qeyd etdi. Belə ki, layihə gənclərin səriştə və bacarıqlarını inkişaf etdirmək yolu ilə təhsil sisteminin əmək bazarının tələblərinə cavab verməsini təmin edir, iş yaratma və iqtisadiyyatın diversifikasiyasına dəstəkləyir. Cənab səfir onu da vurğuladı ki, layihənin vətəndaş cəmiyyətini ölkənin sosial-iqtisadi inkişafı proseslərinə cəlb edərək və dövlət və ozəl sektoru bir araya gətirərək icra olunması xüsusilə əhəmiyyətlidir.
Açılış nitqlərindən sonra konfrans işinə “Gənclər arasında sahibkarlıq və maliyyə savadlılığı mövzusunda” təşkil olunmuş panel müzakirəsi ilə davam etdi. Müzakirə zamanı Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva, BARAMA İnnovasiya və Sahibkarlıq Mərkəzinin baş direktoru İmran Bağırov, Paşa Bank ASC-nin Korporativ Bankçılıq və Biznesin İnkişafı şöbəsinin direktoru Aynurə Piriyeva və AGN İB-in icraçı direktoru Sevinc Məmmədova təqdimatlar etdilər.
Sevinc Məmmədova iştirakçılara layihənin məqsədi, vəzifələri və fəaliyyət istiqamətləri haqqında detallı məlumat verdi. Qeyd edək ki, layihə 2018-2021-ci illərdə Bakı, Gəncə, Qax, Mingəçevir, Xaçmaz, Masallı, Qəbələ və Zaqatala rayonlarında yerləşən ilk ixtisas peşə və orta məktəblərdə təhsil alan 3000 şagirdi və 150 müəllimi əhatə edəcəkdir. Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək layihəsi dörd əsas mərhələdə – maliyyə savadı və sahibkarlığın əsasları istiqamətində metodik vəsaitlərin və elektron resursların hazırlanması, pilot məktəblərdən seçilmiş 150 müəllimin təlimçilərin təliminə cəlb olunaraq peşəkar bacarıqlarının artırılması, şagirdlər üçün məşğələ və təlimlərin təşkili, pilot məktəblərdə özəl sektorun iştirakı ilə sahibkarlıq mərkəzlərinin yaradılması – həyata keçiriləcəkdir. AGN bu layihəni JA Estoniya, AMFA, BARAMA İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə əməkdaşlıq çərçivəsində icra edəcəkdir.