İşğaldan azad, maliyyədə savad!
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Kapital Bankın maliyyə dəstəyi, Azərbaycan Gənclərinin Nailiyyəti (JA Azerbaijan) İctimai Birliyinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr edilmiş və “Maliyyə savadlılığı” ayı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə V – XI sinif şagirdləri üçün “İşğaldan azad, maliyyədə savad!” adlı yeni layihəyə start verilir.
Layihənin əsas məqsədi işğaldan azad edilmiş rayonların ümumi təhsil müəssisələrində maliyyə savadlılığı və sahibkarlıq bacarıqları üzrə şagirdlərin biliklərinin artırılması və həmin regionlara yerli əhali tərəfindən iqtisadi töhfənin verilməsinin təşviq edilməsidir.
Layihə çərçivəsində şagirdlər büdcənin düzgün idarə edilməsi, xərclərin planlaşdırılması, düzgün maliyyə qərarlarının qəbul edilməsi, yığım, büdcə, qənaət, kreditin düzgün istifadə edilməsi, sahibkarlığın əsasları və biznes ideyaların yaradılması kimi nəzəri məlumatları əldə edərək, həmin bilik və bacarıqları praktiki hissədə tətbiq edəcəklər. Nəticədə məktəblilər şəxsi maliyyə resurslarını idarə edə, eyni zamanda, bir sahibkar kimi düşünə biləcəklər.
Layihə Füzuli rayonu Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə və Zəngilan rayonu Ağalı kənd tam orta məktəbində təhsil alan 120 şagirdi əhatə edəcəkdir.
Qeyd edək ki, maliyyə savadlılığı və sahibkarlıq bacarıqları üzrə təlimlər Azərbaycan Gənclərinin Nailiyyəti təşkilatının peşəkar təlimçiləri tərəfindən 16-17 noyabr tarixlərində Füzuli rayonunda, 18-19 noyabr tarixlərində isə Zəngilan rayonunda həyata keçiriləcək.