Məktəblilər üçün İnnovasiya Düşərgəsi
12 iyun tarixində Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyi tərəfindən məktəblilər üçün İnnovasiya düşərgəsi təşkil edilmişdir. Tədbir Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Gənclərin Sahibkarlıq Fəaliyyətinə Dəstək” layihəsi çərçivəsində baş tutmuşdur.
İnnovasiya düşərgəsinin məqsədi layihə çərçivəsində sahibkarlıq təlimlərində iştirak etmiş şagirdləri bir araya gətirərək bu istiqamət üzrə əldə etdikləri bilik və bacarıqları praktikada tətbiq etmək idi.
Düşərgədə 10 orta məktəbdən 72 şagird və 15 müəllim iştirak etmişdir. Düşərgə zamanı məktəblilər problem və ehtiyaclara yönəlik yaradıcı biznes ideyalar üzərində işləmək şansı əldə etdilər.
Tədbir maarifləndirici mühazirələr, seminarlar və dinamik müzakirələrlə davam etdi. Düşərgə üç hissədə – problemlərin müəyyənləşdirilməsi və ideyaların formalaşdırılması; ideya üzrə biznes layihələrin hazırlanması və biznes layihələrin təqdimatı – keçirildi.
Tədbir zamanı komandalar tərəfindən təqdim edilən 14 layihə münsiflər heyəti tərəfindən qiymətləndirildi. “SERU WHY” adlı layihə münsiflər heyəti tərəfindən ən yaxşı biznes ideya olaraq seçildi. “Ekologiya Budur” layihəsi isə ikinci yaxşı ideya olaraq mükafatlandırıldı. “Su həyatdır” adlı layihə ən yaradıcı, “Lisuar” layihəsi isə gəlir gətirən ideya seçildi. “Ecomeat” və “GreenCo” layihələri münsiflər heyəti tərəfindən ən yaxşı təqdimat mükafatına layiq görüldü. Qalib komandaların hər biri PAŞA Bank və Bank Respublika tərəfindən hədiyyələr ilə mükafatlandırıldı.
Tədbirin yekununda JA Azərbaycan təşkilatı bütün iştirakçılara sertifikat və həvəsləndirici hədiyyələr təqdim etdi.