Məqsədli Karyera təlimləri artıq internat məktəblərində!
27-28 yanvar 2020,Azərbaycan Gənclərinin Nailiyyəti ictimai birliyi Məktəblinin Dostu layihəsinin əməkdaşlarına “Məqsədli Karyera” proqramı üzrə təlimçilərin təlimini təşkil etmişdir. Təlim Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatı və Şevron Xəzər şirkətinin maliyyə dəstəyi ilə “Gələcəyi qur: Məktəblərdə karyeranın planlaşdırılması və inkişafı” layihəsi çərçivəsində həyata keçirilmişdir. İki günlük təlimin əsas məqsədi təlimçiləri Məqsədli Karyera proqramının tədrisi metodikası ilə yaxından tanış etmək olub.
Təlimlər zamanı şəxsi dəyərlər, bacarıqlar, maraqlar kimi uğurlu karyera seçimində önəmli olan faktorlar geniş şəkildə müzakirə edildi. Daha sonra məktəblinin dostları Məqsədli Karyera proqramı üzrə sessiyaları təhlil edərək komandalar şəklində təqdimat etdilər.
Qeyd edək ki, 2015-ci ildən başlayaraq AGN “Gələcəyi qur: Məktəblərdə karyeranın planlaşdırılması və inkişafı” layihəsi ilə 1700-dən çox məktəbliyə öz bacarıq və maraqlarına uyğun ixtisas və gələcək karyera seçimində dəstək olmuşdur. 2017-ci ildən layihənin davamlılığını təmin etmək məqsədi ilə təşkilat “Məktəblinin Dostu” layihəsi ilə əməkdaşlıq etməyə başlamış və 60-dan çox məktəblinin dostunu təlimçi olaraq hazırlamışdır.
Bu ildən başlayaraq təşkilat karyera planlaşdırılması üzrə fəaliyyətini genişləndirərək internat məktəblərini də layihəyə cəlb edəcəkdir. Bununla AGN-nin məqsədi internat məktəblərində təhsil alan gənclərin özgüvənini və sosial inteqrasiyasını artırmaqla onların cəmiyyətimizin məsuliyyətli bir fərdi olduqlarını aşılamaqdır.
Bu il layihədən orta və internat məktəblərindən ümumilikdə 700 gənc faydalanacaqdır.