Müəllimlərin sahibkarlıq biliklərinin gücləndirilməsi: Təlimçilərin təlimi ilə innovativ tədris metodikasına təkan
11-12 avqust tarixlərində müəllimlər üçün sahibkarlıq üzrə təlimçilərin təlimi təşkil edilmişdir. Təlim Azərbaycan Gənclərinin Nailiyyəti ictimai birliyinin bp və tərəfdaşlarının maliyyə dəstəyi ilə icra etdiyi “Gənc Sahibkarlar: Gələcək Biznes Liderlərinin Gücləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilib. Təlimin məqsədi müəllimlərin sahibkarlıq üzrə bilik və bacarıqlarını artırmaq və onlara JA proqramları əsasında innovativ tədris metodikasını öyrətmək olub.
2 gün davam edən təlimdə Bakı və 18 regiondan 34 STEAM müəllimi iştirak etmişdir.
Təlim zamanı müəllimlər sahibkarlığın tədrisi üzrə yaradıcı təlim üsulları və alətləri ilə tanış olublar. Təlimin ilk günü nəzəri biliklər və praktiki tapşırıqlarla sahibkalıq və onun əsas xüsusiyyətləri, yaradıcı düşüncə, ehtiyac və problem, beyin həmləsi metodu, problemin həllinə yönəlik biznes ideya kimi əsas anlayışlar müəllimlərin nəzərinə çatdırılıb. Təlimin son günü müəllimlər komandalar şəklində canvas modeli üzərindən biznes planlar hazırlayıblar.
Sonda bütün təlim iştirakçılarına sertifikat təqdim olunub.
Qeyd edək ki, təlim keçmiş müəllimlər təlimçi kimi öz regionlarında digər müəllimlərə öyrəndiklərini ötürəcəklər. Ümumilikdə, 600-ə yaxın müəllim STEAM məktəblərdə sahibkarlığın tədrisi üzrə təlimçi kimi fəaliyyət göstərəcək. Nəticədə 8-ci və 9-cu siniflərdə tədris alan 5000-dən çox şagird sahibkarlıq təlimlərindən faydalanmış olacaq.
Layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və STEAM Azərbaycan ilə əməkdaşlıq çərçivəsində icra olunur.