Orta məktəblərdə yeni fakültativ dərslər
2021-2022 ci tədris illərində Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyi 7-ci və 8-ci siniflər üçün “Gənc Sahibkarlar” layihəsini icra etmişdir. Bu layihə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində icra edilmiş və MOL Azərbaycan şirkəti tərəfindən maliyyələşdirilmişdir.
Layihəyə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Abşeron, Qəbələ, Qax, Zaqatala, Masallı rayonundan 30 pilot məktəb cəlb edilmişdir. Ümumilikdə, layihədən 125 müəllim, 3237 şagird faydalanmışdır.
Layihə üç mərhələdə icra edilmişdir. İlkin mərhələdə müəllimlər üçün maliyyə savadlılığı və sahibkarlıq istiqamətində distant təlimlər təşkil olunmuşdu. Növbəti mərhələdə maliyyə savadlılığı və sahibkarlıq təhsil kurikulumunun tərkib hissəsinə daxil edilərək, pilot məktəblərdə fakültətiv dərs kimi müəllimlər tərəfindən tədris edilmişdir.
Sonuncu mərhələdə isə layihədən faydalanan şagirdlər üçün Bakıda və Qaxda “Yaşıl Gələcək üçün İnnovativ Həllər” adlı “Eko Bootcamp” təşkil ediləcəkdir. “Bootcamp”ın məqsədi layihə çərçivəsində sahibkarlıq dərslərində iştirak etmiş şagirdləri bir araya gətirərək bu istiqamət üzrə əldə etdikləri bilik və bacarıqları praktikada tətbiq etməkdir.
“Bootcamp” zamanı məktəblilər komandalar şəklində ekoloji problemlər haqqında düşünərək innovativ həllər üzərində işləyəcəklər. Məktəblilər tərəfindən hazırlanacaq layihələr münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir. Yekunda qalib komandalar müəyyən edilmiş nominasiyalar üzrə sertifikatlarla mükafatlandırılacaq.
MOL Group baş ofisi Macarıstanın Budapeşt şəhərində yerləşən neft-qaz, neft-kimya üzrə beynəlxalq istehlakçı və pərakəndə satış şirkətidir. Şirkət 24000 isçi qüvvəsi ilə dünyanın 30-dan çox ölkəsində fəaliyyət göstərir. MOL Group karbohidrogenlərin tədqiqat və istehsalat işləri sahəsində 85 illik və karbon qazının (CO2) yataqlara vurulması üzrə 30 illik təcrübəyə sahibdir. Hal-hazırda şirkət 8 ölkədə hasilat və 6 ölkədə tədqiqat sahəsində fəaliyyət göstərir.
MOL Group “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi layihəsində səhmlərin 9.57% və Bakı-Tbilisi-Ceyhan boru kəmərində səhmlərin 8.9%-ni əldə edərək 2019-cu ildə Azərbaycana daxil olmuşdur. MOL Group Xəzər dənizində yerləşən nəhəng neft yataqlarından biri olan “Azəri-Çıraq-Günəşli” yatağının üçüncü ən böyük tərəfdaşıdır. Qeyd edək ki, “Azəri-Çıraq-Günəşli” yatağı 1997-ci ildə hasilata başlamışdır və BP şirkəti tərəfindən idarə edilir.