Maliyyə Savadlılığı – məktəblərdə dövlət və özəl sektor arasında əməkdaşlığın yeni istiqaməti
30 oktyabr 2019-cu il tarixində “Təhsildə Maliyyə Savadlılığının Təşviqi Prosesinə Maliyyə İnstitutlarının cəlb edilməsi” mövzusunda dəyirmi masa müzakirəsi baş tutmuşdur. Müzakirə Azərbaycan Gənclərinin Nailiyyəti ictimai birliyi (Junior Achievement Azerbaijan) və Azərbaycan Mikromaliyyə Assosiasiyası (Azerbaijan Micro-Finance Association) ilə bigə Avropa İttifaqının və PAŞA Bankın maliyyə dəstəyi ilə həyata keçirilən “Gənclərin Sahibkarlıq Fəaliyyətinə Dəstək” layihəsi çərçivəsində baş tutmuşdur. Görüşdə FINCA Azərbaycan, Bank of Baku, Access Bank, TBC Kredit, Nikoil Bank, Bank Respublika, PAŞA Bank, Unibank, Qafqaz Kredit-dən nümayəndələr və Azərbaycan Gənclərinin Nailiyyəti İB-in idarə heyətinin sədri, Şevron Xəzər şirkətinin ölkə üzrə rəhbəri Bəxtiyar Axundov iştirak etmişdir.
AGN təşkilatının icraçı direktoru Sevinc Məmmədova layihənin məqsədi, vəzifələri, fəaliyyət istiqamətləri, korporativ könüllülük fəaliyyətinin əhəmiyyəti barədə detallı məlumatı auditoriyanın nəzərində çatdırmış və maliyyə institutlarının bu prosesdə əhəmiyyətini vurğulamışdır. Görüş zamanı korporativ könüllülük fəaliyyəti əsasında maliyyə institutlarından olan peşəkarların gənclərin maliyyə savadlılığının artırılmasına cəlb olunması müzakirə edilmişdir. Müzakirədə maliyyə institutlarının nümayəndələri təşəbbüsü yüksək qiymətləndirmiş, və bu layihədə iştiraka maraqlı olduqlarını bildirmişdilər.
Qeyd edək ki, hal-hazırda Bakı, Gəncə, Qax, Mingəçevir, Xaçmaz, Masallı, Qəbələ və Zaqatala rayonlarında yerləşən ilk ixtisas peşə və orta məktəblərdə təhsil alan 3000 şagird maliyyə savadlılığı təlimlərində iştirak edir.