AGN “Gənclərin Liderlik və Peşəkar İnkişaf” proqramı çərçivəsində Təlimçilərin Təlimini təşkil etdi.
13-15 noyabr tarixlərində Azərbaycan Gəclərinin Nailiyyəti İB (AGN) BMT-nin Uşaq Fondunun və Avropa İttifaqının maliyyə dəstəyi ilə “Gənclərin Liderlik və Peşəkar İnkişaf” proqramı çərçivəsində Binəqədi rayon Gənclər Evində Gənclərin Karyera Planlaşdırılması və İnkişafı üzrə “Təlimçilərin Təlimi”-ni təşkil etdi. Proqram Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun əməkdaşlığı ilə icra edilir. Təlimin əsas məqsədi gənclər ilə işləyən peşəkarları AGN-nin hər yaş qrupuna uyğun strukturlaşdırılmış işə və karyera hazırlığı proqramı ilə tanış etməkdir.
3 gün davam edən təlimlərdə Binəqədi rayon Gənclər Evi, Xəzər rayon Gənclər Evi, Mingəçevir şəhəri Gənclər Evi, Şəmkir, Biləsuvar, Qazax Gənclərinin İnkişaf və Karyera Mərkəzlərinin əməkdaşları fəal iştirak etdilər.
Təlim zamanı ilkin olaraq təlimçilər layihə çərçivəsində hazırlanmış təlim modulu ilə yaxından tanış oldular. Təlimin birinci günü şəxsi dəyər, bacarıqlar, maraqlar ətrafında geniş müzakirələr aparıldı. Fəaliyyət planının hazırlanması və uğurlu karyera üçün düzgün qərarların verilməsi kimi məsələlər xüsusi olaraq vurğulandı. Onlar “Kritik düşüncə və Kreativlik”, “Kommunikasiya və Münaqişələrin İdarə edilməsi Bacarıqları” kimi qrup işlərini yerinə yetirdilər və ssenariləri təhlil etdilər. Proqram təlimçilərə güclü şəxsi keyfiyyətlər və bacarıqların müəyyənləşdirilməsində karyera axtarışının əhəmiyyətini təqdim edir. Təlimin son günü təlimçilər iş prioritetləri, işə götürənlərin tələbləri, şəxsi brendin qurulması kimi mövzularda qrup və fərdi çalışmalar etdilər.
Qeyd edək ki, təlim keçmiş təlimçilər fevral ayından etibarən seçilmiş Gənclər Evlərində, İnkişaf və Karyera Mərkəzlərində əldə etdikləri təcrübəni öz üzvləri üçün təlimlərdə tətbiq edəcəklər.