Maliyyə Məktəbi: Gələcəyini bu gündən düşün! layihəsində iştirak edəcək müəllimlərlə görüş keçirilib
Oktyabrın 8-də AGN tərəfindən Natiq Tağıyev adına 212 saylı tam orta məktəbdə müəllimlər ilə görüş keçirilmişdir. Görüş Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilən “Maliyyə Məktəbi” layihəsi çərçivəsində baş tutub. Görüşdə Bakı Baş Təhsil İdarəsinin əməkdaşı və layihə üzrə seçilmiş on bir məktəbdən 25 müəllim iştirak edib.
Tədbiri giriş sözü ilə açan 212 saylı orta məktəbin direktoru Məlahət Rəhimova gələcəkdə maliyyə cəhətdən sağlam gənc nəsil yetişdirmək üçün şagirdlərimizin erkən yaşlardan maliyyə savadlılığı üzrə maarifləndirilməsinin önəmli olduğunu vurğulayıb. O, bildirdi ki, bu istiqamətdə müsbət dəyişikliklər və şagirdlərin marağının artırılması əsasən müəllimin peşəkarlığının inkişafından və dəyərləndirilməsindən başlayır.
Daha sonra AGN təşkilatının icraçı direktoru Sevinc Məmmədova layihənin təqdimatını müəllimlərin nəzərinə çatdırdı. Təqdimatda layihənin əsas məqsədinin məktəblərdə maliyyə savadlılığının tədrisini təkmilləşdirmək və yeni elementlər əlavə edərək bu istiqamətində daha çox müəllim və şagirdi əhatə etmək olduğu bildirildi.
Görüşün sonunda layihə çərçivəsində şagirdlərə tədris ediləcək “Mənim Büdcəm” kitabı müəllimələrə təqdim edildi.
Qeyd edək ki, layihənin növbəti mərhələsində 25 müəllimə 3 günlük maliyyə savadlılığı üzrə təlimçilərin təlimi təşkil ediləcək.