Karyera Planlaşdırılması və İnkişafı

Karyera Planlaşdırılması və İnkişafı Proqramı məktəblilər və gənclər üçün hazırlanmışdır. Bu proqramın əsas hədəfi uğurlu karyera yolu üçün tələbələrə öz potensiallarını üzə çıxarmaq və öz ali məqsədlərinə və maraqlarına uyğun peşələri kəşf etməyə kömək etməkdir.

Bu proqram çərçivəsində AGN bu layihələri həyata keçirir:

Gələcəyi Qur: Məktəblərdə Karyeranın Planlaşdırılması və İnkişafı

Layihə Chevron Xəzər tərəfindən dəstəklənir və 2015-2019 tədris ilində Təhsil Nazirliyinin dəstəyi ilə 2047 nəfər şagirdi cəlb edərək uğurla həyata keçirilmişdir. 2017-2018 tədris ilindən başlayaraq layihə “Məktəblinin Dostu” ilə birgə təşkil olunur və ümumilikdə 60 nəfər məktəblinin dostu təlimlərə cəlb edilib. Layihənin əsas məqsədi yuxarı sinif şagirdlərini müasir əmək bazarının tələbləri, müxtəlif peşələr və iş dünyası ilə tanış etmək, onlara öz bacarıq və maraqlarına uyğun ixtisas seçimində və gələcək karyeralarını planlı şəkildə müəyyənləşdirməkdə yol göstərməkdir. Praktik məşğələlər vasitəsilə iştirakçılar maraqlarını, güclü, zəif tərəflərini və dəyərlərini müəyyənləşdirəcəklər. Layihə bu fəaliyyətlərdən ibarətdir:

1) məktəbdənkənar karyera yönümlü və fərdi bacarıq təlim proqramı;

2) biznes peşəkarları ilə görüşlər;

3) tələbə qruplarının layihə təqdimatları.

Gənclərin Liderlik və Peşəkar İnkişafı

Proqram (2019-2020) BMT-nin Uşaq Fondunun və Avropa İttifaqının maliyyə dəstəyi ilə icra edilir. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və UNFPA tərəfdaşlığı ilə həyata keçirilən layihənin əsas məqsədi gənclərin peşəkar bacarıqlarını və məşğulluq imkanlarını artırmaqdır. Layihə çərçivəsində Binəqədi, Xəzər rayon Gənclər Evi, Mingəçevir şəhəri Gənclər Evi, Şəmkir, Biləsuvar, Qazax Gənclərinin İnkişaf və Karyera Mərkəzləri ilə sıx əməkdaşlıq edilir. Bunun üçün JA-in üç istiqaməti üzrə: Karyera hazırlığı, Maliyyə Savadlılığı, Sahibkarlıq təlim proqramlarının sözügedən Gənclər Evlərində və İnkişaf və Karyera Mərkəzlərində və onlayn şəkildə tədrisi aparilir. Layihədə karyera və işə hazırlıq istiqaməti üzrə il ərzində müxtəlif yaş qruplarından 1500, maliyyə savadlılığı və sahibkarlıq istiqaməti üzrə 240 nəfər gəncin iştirakı planlaşdırılır.

Gənclər üçün Karyera Oriyentasiyası və Planlaşdırılması Təlimləri

Təlim sessiyalarının əsas məqsədi iştirakçıları uğurlu peşə seçimləri etmələri üçün bacarıq və biliklərlə təchiz etməkdir. Tələbə özünü və uyğun hiss etdiyi iş mühitini təhlil etmək bacarığına yiyələnəcəkdir. Hədəflərinə çatmaq üçün tələbələrə fəaliyyət planı hazırlamaq öyrədiləcəkdir. Bundan əlavə, iştirakçılara idarəetmə bacarığı, yəni layihənin idarə edilməsi, problemlərin həlli, fərdi effektivlik, CV-nin yazılma qaydaları öyrədilir. Özünü qiymətləndirmə tapşırıqları nəticəsində onlar artıq növbəti addımlarını atmaqda inamlı olacaqlar.