“Gələcəyi qur: Məktəblərdə karyeranın planlaşdırılması və inkişafı” layihəsi – “İşdə bir gün” təcrübə səfəri

Keçən tədris ilində Chevron Xəzər şirkətinin dəstəyi ilə həyata keçirdiyimiz “Gələcəyi qur: Məktəblərdə karyeranın planlaşdırılması və inkişafı” layihəsinin davamı olaraq, yeni tədris ilində proqram iştirakçılarının müxtəlif iş yerlərinə “İşdə bir gün” adlı təcrübə səfəri başlamışdır. Təcrübə səfərinin əsas məqsədi gənclərə maraqlandıqları peşə sahəsindəki iş rejimi və iş tələbləri ilə yaxından tanış olmağa kömək etməkdir.

Bu istiqamətdə məktəblilər ilk öncə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində qonaq olublar. Səfər zamanı məktəblilər mərkəzin rəhbərliyi ilə görüşüb və iş prosesi ilə yaxından tanış olublar. Mərkəz rəhbəri İmran Bağırov indiyə qədər startap və gənclərlə həyata keçirilən layihələr haqqında məlumat verib. İmran Bağırov eyni zamanda uğurlu karyeranın mümkünlüyündən, yaranmaqda olan yeni ixtisaslar, müasir əmək bazarında innovasiyaların rolundan danışıb. Görüşün sonunda mərkəz əməkdaşları tərəfindən məktəbliləri maraqlandıran suallar da cavablandırılıb.

Qeyd edək ki, layihə 2017-2018 tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Məktəblinin Dostu” layihəsi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilmişdir.