Estoniyaya təhsil səfəri

8-13 fevral tarixlərində Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Gənclərin Sahibkarlıq Fəaliyyətinə Dəstək” layihəsi çərçivəsində Estoniyanın Tallin şəhərinə təhsil səfəri təşkil edilmişdir. Dövlət, biznes və qeyri-hökümət sektorunun əməkdaşlarından ibarət Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi səfər Azərbaycan Gənclərinin Nailiyyəti və Junior Achievement Estoniyanın təşkilatçılığı ilə həyata keçirilmişdir. 5 günlük səfərin əsas məqsədi sahibkarlığın və maliyyə savadlılığının tədrisi sahəsində Estoniya təcrübəsini öyrənmək olub.

Səfərdə layihənin işçi qrupunun üzvləri – AGN İB-nin icraçı direktoru Sevinc Məmmədova və layihə meneceri Aytən Paşayeva, Təhsil Nazirliyinin İnkişaf proqramları şöbəsinin baş məsləhətçisi Orxan Abbasov, Azərbaycan Mikro-maliyyə Assosiasiyasının maliyyə meneceri Sevinc Rüstəmova, Barama İnnovasiya və Sahibkarlıq mərkəzinin əməkdaşı İradə Məmmədova və Azercell Telekomun əməkdaşı Fidan Tofidi iştirak etmişdir. Səfər zamanı işçi qrup sahibkarlığın gənclər arasında təşviqi və tədrisi üzrə maraqlı təcrübə əldə etmişdir.

Səfərin ilk günü Azərbaycan nümayəndə heyəti məktəbli şirkətlərinin sərgisində iştirak edib, şagirdlərin məhsulları ilə tanış oldular. Növbəti günlərdə dövlət qurumları, biznes nümayəndələri, inkubasiya mərkəzləri və yerli məktəblərdə müəllimlər və tələbələrlə görüşlər keçirildi. Həmçinin, SEB bank və Garage48 ilə də məhsuldar görüşlər təşkil olundu.

Səfər çərçivəsində JA Estoniya tərəfindən sahibkarlığın və maliyyə savadlılığının tədrisi üzrə milli siyasət və srategiya ilə yaxından tanış olmaq məqsədi ilə Təhsil, Maliyyə və İqtisadiyyat Nazirliklərinin rəsmiləri ilə də görüş təşkil edilmişdir. Sözü gedən dövlət qurumları Estoniyada sahibkarlığın və maliyyə savadlılığının təşviqi istiqamətində fəal şəkildə iştirak edirlər.

JA Estoniya birbaşa olaraq orta məktəblərdə sahibkarlığın, maliyyə savadlılığının tədrisində iştirak edən və dövlət tərəfindən dəstəklənən aparıcı təşkilatlardan biridir. Səfər zamanı Azərbaycan nümayəndə heyəti təşkilatın təlim proqramları və sahibkarlığın, maliyyə savadlılığının tədrisində vətəndaş cəmiyyətinin iştirakı və rolu haqqında ətraflı məlumat əldə etdi.