Gənclər üçün maliyyə savadlılığı üzrə təlimlər təşkil olunmuşdur.

Mart və aprel aylarında Azərbaycan Gənclərinin Nailiyyəti ictimai birliyi Gənclər Fondunun maliyyə dəstəyi ilə “Ağıllı Büdcə” layihəsi çərçivəsində gənclərə maliyyə savadlılığı üzrə təlimlər təşkil etmişdir. Layihənin əsas məqsədi gənclərin maliyyə savadlılığını təşviq edərək onların bu istiqamətdə biliklərini və şəxsi büdcə bacarıqlarını artırmaqdır.

Layihənin icrası zamanı Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edilmişdir. Belə ki, layihəyə cəlb olunacaq məktəblər nazirlik tərəfindən tövsiyyə edilmiş və əsasən şəhər mərkəzindən kənarda yerləşən məktəblərdə təhsil alan gənclər hədəf qrupu olaraq seçilmişdir. Ümumilikdə, layihəyə Maştağa, Sulu-təpə, Keşlə və Böyük Şor qəsəbələrində yerləşən beş orta ümumtəhsil müəssisələrindən 14-15 yaş arası 300 nəfər gənc cəlb edilmişdir.

Layihədə iştirak edən gənclər büdcə planlaşdırılması, büdcəyə nəzarət, gəlir, xərc və qənaət etmək kimi anlayışlar ilə tanış oldular. Təlim zamanı interaktiv büdcə oyunu ilə iştirakçılar şəxsi büdcəni düzgün şəkildə formalaşdırmağı öyrənərək bu istiqamətdə praktiki bacarıqlarını artırdılar.