Sahibkarlığın əsaslarının tədrisi artıq məktəblərdə!

3-6 sentyabr tarixlərində müəllimlər üçün “Sahibkarlığın əsasları” təlimi təşkil edilmişdir. Təlim Azərbaycan Gənclərinin Nailiyyəti ictimai birliyinin Avropa İttifaqının və PAŞA Bankın maliyyə dəstəyi ilə icra etdiyi “Gənclərin Sahibkarlıq Fəaliyyətinə Dəstək” layihəsi çərçivəsində həyata keçirilib. Təlimin əsas məqsədi müəllimləri sahibkarlıq təhsili üzrə Avropa təcrübəsi ilə tanış edərək bu istiqamətdə bilik və bacarıqlarını artırmaq və yaradıcı tədris metodikasını öyrətmək olub.

4 günlük təlimdə iştirak üçün Bakı şəhəri üzrə 17 orta və peşə təhsili müəssisəsindən 45 müəllim dəvət edilmişdir. Təlimlər bu istiqamətdə peşəkar olan JA Estoniya təşkilatının ekspertləri Epp Vodja və Alyona Bostan tərəfindən keçirilmişdir.

Təlim zamanı müəllimlər sahibkarlığın tədrisi üzrə innovativ təlim üsulları və alətləri ilə tanış olublar. İlkin olaraq informativ nəzəri biliklər və praktiki tapşırıqlarla sahibkarlığın əsasları, ideya formalaşmasında “beyin həmləsi” metodu, sahibkarlığın inkişafında marketinq və reklam xidmətləri kimi mövzular müəllimlərin nəzərinə çatdırılıb. Daha sonra müəllimlər komandalar şəklində “Ostervalder” modeli üzərindən biznes planlar tərtib ediblər. Təlimin son günü özlərini bazar iştirakçısı kimi təsəvvür edən müəllimlər JA Estoniyanın “Simulator 7” proqramı ilə öyrəndiklərini tətbiq ediblər.

Sonda bütün təlim iştirakçılarına sertifikat təqdim olunub.

Qeyd edək ki, təlim keçmiş müəllimlər 2019-2020-ci tədris ili ərzində məktəblərdə şagirdlərə sahibkarlığın əsaslarını tədris edəcəklər.