“Gənclərin Təşəbbüskarlıq Həlləri” proqramı çərçivəsində gənclər seçilmiş sosial və biznes layihələrini icra edəcəklər

UNICEF Azərbaycan, Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondu ilə tərəfdaşlıqda və Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycan Gənclərinin Nailiyyəti tərəfindən 2019-2021 həyata keçirilən Gənclərin Liderlik və Peşəkar İnkişafı layihəsi 03 mart tarixində təşkil edilən bağlanış tədbiri ilə uğurla yekunlaşdı. Layihə Binəqədi, Xəzər və Mingəçevir Gənclər Evləri, Biləsuvar, Qazax və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəmkir, Biləsuvar, Qazax nümayəndəlikləri ilə əməkdaşlıq çərçivəsində icra olunurdu. Tədbirdə gənclər ilə yanaşı dövlət, özəl və beynəlxalq təşkilatların nümayəndələri də iştirak edirdi.

Tədbir AGN-in məşvərətçi heyətinin üzvü Tal Katranın açılış nitqi ilə başladı. O çıxışında bugün dünyada sahibkarlığın və iqtisadiyyatın inkişafında gənclərin iştirakının əhəmiyyətindən danışdı. Sonra AGN-in icraçı direktoru Sevinc Məmmədova layihənin icrası zamanı əldə olunan nəticələr barədə məlumat verdi və gənclərin karyera planlaşdırması və peşəkar inkişafını dəstəkləmək üçün hazırlanmış elektron platformanı iştirakçılara təqdim etdi. Layihənin uğurlu fəaliyyətlərindən biri də Gənclərin təşəbbüskarlıq həlləri proqramı idi. Tədbir zamanı gənclər tərəfindən hazırlanmış 30-dan çox sosial və biznes yönümlü layihələr təqdim olunaraq, onların arasından 19 layihə seçildi. Layihə çərçivəsində Bakıdan 7, regionlardan isə 12 təşəbbüsün reallaşdırılması üçün gənclərə toxum maliyyə ayrıldı. Qeyd etmək lazımdır ki, seçilən layihələr arasında startup, sosial və ənənəvi sahibkarlıq, kənd təsərrüfatı və ekoloji sahələri əhatə edən təşəbbüslər vardı. 

Tədbirdə iştirak edən UNICEF-in Azərbaycandakı Nümayəndəsi Edvard Karvardin layihələrin təqdimatından sonra pandemiya dövründə olan çətinliklərə baxmayaraq gənclərin geniş və bir-birindən fərqli təşəbbüslər ilə çıxış etmələrinə heyran qaldığını bildirdi. O, bugün gənclərin cəmiyyətin inkişafında mühüm və fəal yer tutduqlarını vurğuladı. Cənab Karvardin yalnız gənclər ilə birgə çalışaraq, onların bir sıra peşəkar bacarıqlara və imkanlara çıxışını təmin edərək pandemiyanın yaratdığı çətinliklərə qalib gəlməyin mümkün olduğunu qeyd etdi. 

Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri cənab səfir Kestutis Yankauskas da tədbirdə iştirak edirdi. O, gənclərin böyük potensiala sahib olduğunu və onların yenilikçi təşəbbüslərinin dəstəklənməsinin iqtisadi inkişaf üçün vacib olduğunu bildirdi.

Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev təlimlər zamanı gənclərin əldə etdiyi bacarıqların onların peşəkar inkişafı üçün əhəmiyyətindən və bu biznes ideyaların Azərbaycanda formalaşmış müxtəlif donor qurumlar tərəfindən maliyyələşmə imkanlarından danışdı.

Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov tədbir zamanı təqdim edilmiş təşəbbüslərin kommersiyalaşma imkanlarını vurğulayaraq, gəncləri fond tərəfindən icra edilən Biznes Marafona qoşulmağa dəvət etdi. O, layihənin nailliyyətlərini yüksək qiymətləndirərək onun coğrafiyasını genişləndirməyi təklif etdi.