Gənclərin Təşəbbüskarlıq Həlləri proqramı üzrə layihələrin təqdimatı uğurlu şəkildə yekunlaşdı.

Avropa İttifaqının maliyyə dəstəyi və Unicef Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Gənclərin Liderlik və Peşəkar İnkişafı layihəsi çərçivəsində Gənclərin Təşəbbüskarlıq Həlləri proqramının yekun mərhələsi başa çatıb. Yekun mərhələdə proqrama cəlb edilən gənclər komandalar şəklində üzərində birgə çalışdıqları sosial və biznes yönümlü layihələr üzrə maraqlı təqdimatlar ilə çıxış ediblər. Təqdimatların nümayişi Zoom tətbiqi vasitəsi ilə baş tutmuşdur. Proqram çərçivəsində Binəqədi, Mingəçevir Gənclər Evi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəmkir, Biləsuvar, Qazax nümayəndəliklərinin gəncləri tərəfindən 30-dan çox layihə təqdim edilmişdir. 

Təqdimatlar müxtəlif biznes sektorundan cəlb edilmiş expertlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirildi. Münsiflər heyəti qismində Azərbaycan Sahibkarlar Konfederasiyasından Kristina Məmmədova, Nərmin Qəniyeva, Şəbnəm Nuriyeva və Cavid Kərimov, Rabitə və Texnologiyalar Nazirliyindən Şəbnəm Məmmədova, Azərbaycan Mikromaliyyə Assosasiyasından Sevinc Rüstəmova, Azərbaycan Gənclərinin Nailiyyəti ictimai birliyindən Aidə Cəfərova, Bank Respublikadan Çingiz Əsədov, Lütfəlizadə Texnoloji Mərkəzindən İmran Bağırov, sahibkar Nərmin Həsənli və marketinq, biznesin inkişafı, layihələrin idarə olunması üzrə peşəkar Ülviyyə Əkbər çıxış edirdi. Layihələr fokuslanmış problem və təklif edilən həll yolu, həyata keçirilə bilmə səviyyəsi, yeniliyi, biznes fəaliyyətin inkişaf planı kimi bir sıra meyarlar əsasında münsiflər heyəti tərəfindən qiymətləndirildi.

Qeyd edək ki, proqram çərçivəsində həyata keçirilməsi real görülən layihələrin maliyyələşdirilməsi nəzərədə tutulmuşdur. Belə ki, münsiflər heyəti tərəfindən qiymətləndirilən hər gənclər evi və gənclər inkişaf və karyera mərkəzlərindən ən uğurlu layihə layihələr üçün ayrılan ilkin vəsaitlər “toxum pul” olaraq layihələri reallaşdırmaq üçün sərf ediləcəkdir.