Məktəblinin Şirkət proqramı – Təlimçilərin Təlimi

26-27 mart tarixlərində müəllimlər üçün “Məktəbli Şirkət” proqramı üzrə təlimçilərin təlimi təşkil edilmişdir. Təlim Avropa İttifaqının və Paşa Bankın maliyyə dəstəyi ilə Azərbaycan Gənclərinin Nailiyyəti ictimai birliyinin icra etdiyi “Gənclərin Sahibkarlıq Fəaliyyətinə Dəstək” layihəsi çərçivəsində həyata keçirilib. Təlimin əsas məqsədi müəllimləri Junior Achievement təşkilatının sahibkarlıq üzrə əsas beynəlxalq proqramlarından biri olan “Məktəbli Şirkət” proqramı ilə yaxından tanış etmək və tədrisi metodikasını öyrətmək olub.

2 günlük təlimdə Bakı şəhəri daxil olmaqla Xaçmaz, Qəbələ, Qax, Zaqatala, Gəncə, Mingəçevir və Masallı regionundan 50-yə yaxın müəllim iştirak etmişdir. Təlimlər bu istiqamətdə peşəkar olan JA Estoniya təşkilatının ekspertləri Epp Vodja və Aljona Bostan tərəfindən ZOOM platforması üzərindən onlayn keçirilmişdir.

Təlimin ilk günü müəllimlər komandalar şəklində verilmiş problemlər üzərində beyin həmləsi etdilər. Daha sonra hədəf kütləni müəyyən edərək problemə yönəlik həll yolu üzrə təkliflər irəli sürdülər. Növbəti gün JA Estoniya “Məktəbli Şirkət” proqramı üzrə 13 illik təcrübəsini müəllimlərlə bölüşdü. Müəllimlərdə daha aydın təsəvvür yaratmaq məqsədi ilə eston şagirdlərin biznes sərgidə təqdim etdikləri məhsul və xidmətlər müəllimlərin nəzərinə çatdırıldı.

Qeyd edək ki, layihədə iştirak edən müəllimlər bu günə kimi maliyyə savadlılığı və sahibkarlığın əsasları üzrə təlimlərdə iştirak etmişdirlər. Təlim keçmiş müəllimlər, 2019-2020 və 2020-2021-ci tədris ili ərzində şagirdlərə qeyd edilən hər iki istiqamət üzrə təlimlər keçmişdirlər.