1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Yaşıl Gələcək üçün İnnovativ Həllər” adlı Eko Bootcamp təşkil edildi.

30 may tarixində Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyi tərəfindən məktəblilər üçün “Yaşıl Gələcək üçün İnnovativ Həllər” adlı “Eko Bootcamp” təşkil edilmişdir. Tədbir Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində, Mol Azərbaycanın və “PAŞA Bank”ın maliyyə dəstəyi ilə həyata keçirilmişdir.

Tədbirdə Bakı şəhəri üzrə 37 məktəbdən 100 şagird iştirak etmişdir. Tədbir zamanı şagirdlər ekoloji problemlər təhlil edərək komanda yoldaşları ilə innovativ həllər üzərində düşündülər.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqubluya öz çıxışında öyrənmənin əhəmiyyətini vurğuladı və iştirakçıları fərqli düşünməyə, yaradıcı olmağa çağırdı.

MOL Azərbaycanın icraçı direktorun müavini Bəxtiyar Axundov öz növbəsində “MOL group olaraq əsas sosial-siyasi prinsiplərimizdən biri “Gənclər siyasəti” üzrə atılan uğurlu addımları dəstəkləmək, siz gənclərin müasir dövrün tələblərinə uyğun olaraq formalaşmasında, gələcəyin parlaq sahibkarları kimi bilik və bacarıqlarınızın artırılmasında bilavasitə iştirak etməkdir” bildirdi.

Daha sonra “PAŞA Bank”ın Rəqəmsal və Kreativ Dizayn şöbəsinin rəhbəri Vüsal Əzizov “Dizayn düşüncə və Empatiyanın gücü” mövzusunda maraqlı təqdimatla çıxış etdi.

Bootcamp formatında təşkil edilən yarış üç hissədə – problemlərin müəyyənləşdirilməsi və ideyaların formalaşdırılması; ideya üzrə biznes layihələrin hazırlanması və biznes layihələrin təqdimatı – keçirild. Sonda  “Ən innovativ biznes ideya” “Ən yaxşı komanda işi” “Ən eko-dost biznes ideya” “Ən yaxşı təqdimat” nominasiyalar üzrə qalib komandalar mükafatlandırıldı.

Qeyd edək ki, daha bir bootcamp region məktəbliləri üçün 10 iyun tarixində Qaxda keçiriləcəkdir.