“GƏNCLƏRİN İŞƏ HAZIRLIQ PROQRAMI” ADLI YENİ LAYİHƏYƏ START VERİLDİ

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının tərəfdaşlığı və Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin (JA Azərbaycan) təşkilatçılığı ilə “Gənclərin İşə Hazırlıq Proqramı” adlı yeni layihəyə start verilib.

Layihənin əsas məqsədi peşəkar inkişaf təlimləri vasitəsilə gənclərə bacarıq və maraqlarına uyğun seçdikləri karyera yolunda hədəflərinə çatmaq üçün dəstək olmaq, onları iş dünyası, iş yerindəki dəyərlər, qərar qəbul etmə prosesi və iş etikası ilə tanış etməkdir.

Gənclərin şəxsi bacarıqlarının artırılması istiqamətində peşəkar inkişaf təlimləri: “Karyera planlaşdırılması”, “Əsas həyat bacarıqları”, “Peşəkar iş fəaliyyətinə hazırlıq” və “İş dünyası ilə tanışlıq” kimi başlıqlardan ibarət 4 modul üzrə həftədə 2 dəfə olmaqla baş tutacaq.
Təlimlər 3 fazada hər birinə 25 gənc cəlb olunmaqla həyata keçiriləcəkdir. 

Ümumilikdə, layihəyə ilkin mərhələdə III-IV kurs bakalavr tələbələri olan 25 gənc dəvət edilmişdir. Layihə 6 ay müddətində icra olunacaqdır.

Qeyd edək ki, layihəni uğurlu şəkildə başa vurmuş iştirakçılar müxtəlif şirkətlərdə təcrübə keçmək imkanı da əldə edəcəklər. Yekunda hər bir iştirakçı sertifikat ilə təltif olunacaq.