Region müəllimlərinin sahibkarlıq bacarıqlarının təkmilləşdirilməsi istiqamətində təlimlər təşkil edilib

Bp və tərəfdaşlarının maliyyə dəstəyi ilə Azərbaycan Gənclərinin Nailiyyəti (AGN) ictimai birliyinin icra etdiyi “Gənc Sahibkarlar: Gələcək Biznes Liderlərinin gücləndirilməsi” layihəsi çərçivəsində region müəllimləri üçün sahibkarlıq təlimləri təşkil edilmişdir. Təlimlərin əsas məqsədi STEAM müəllimlərinin sahibkarlıq üzrə bilik və bacarıqlarını artırmaq və onlara innovativ tədris metodikasını öyrətmək olub.

Təlimlərin ilkin mərhələsi 30 sentyabr-1oktyabr tarixlərində Şirvan, Salyan, Lənkəran, Cəlilabad, Gəncə, Ağcabədi, Bərdə, Tovuz, Şamaxı, Ağdaş, Quba, Mingəçevir və Füzuli regionlarında həyata keçirilmişdir.  İkinci mərhələ 7-8 oktyabr tarixlərində Şəmkir, Gəncə, Zaqatala, Balakən, Qax, Kürdəmir, İsmayıllı, Ağdaş və Beyləqan rayonlarında davam etmişdir. Təlimlərə 600-ə yaxın STEAM müəllimi cəlb edilmişdir.

İki günlük intensiv təlimlərdə STEAM müəllimləri sahibkarlığı effektiv tədris etmək üsulları ilə tanış oldular. Təlim proqramı sahibkarlığın əsasları, sahibkarlıq bacarıqlarının inkişafı, innovativ biznes ideyaların yaradılması, kreativ təfəkkürün təşviqi və sosial sahibkarlıq kimi geniş mövzuları əhatə edirdi.

Qeyd edək ki, region müəllimləri üçün sahibkarlıq təlimləri 10-12 avqust tarixlərində AGN tərəfindən təşkil edilmiş təlimçilərin təlimində iştirak etmiş STEAM müəllimləri tərəfindən keçirilmişdir. Təlim proqramının uğurlu təşkili ilə yanaşı, AGN təlimlərin keyfiyyətinin və səmərəliyinin təmin edilməsi üçün regionlara monitorinq səfərləri təşkil etmişdir.

Təlim keçmiş region müəllimləri məktəblərdə şagirdlərə sahibkarlıq dərslərini tədris edəcəklər. Nəticədə 8-ci və 9-cü siniflərdə tədris alan 5000-dən çox şagird sahibkarlıq təlimlərindən faydalanmış olacaqdır.

Layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və STEAM Azərbaycan ilə əməkdaşlıq çərçivəsində icra olunur.