Azərbaycan Gənclərinin Nailiyyəti İB tərəfindən “Gənclər üçün Sahibkarlıq Təlimləri” layihəsi həyata keçirilib.

Azərbaycan Gənclərinin Nailiyyəti İB-i ABŞ-ın Azərbaycandakı səfirliyi ilə birgə Gəncə 2 saylı Peşə liseyi və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzindən seçilmiş 80 nəfər tələbənin peşəkar bacarıqlarının, sahibkarlıq biliklərinin və maliyyə savadının artırılması istiqamətində “Gənclər üçün Sahibkarlıq Təlimləri” layihəsini həyata keçirib. Layihənin başlıca məqsədi gənclərə hələ erkən yaşlarından öz karyeraları haqqında düşündürmək, yeni ideyalar formalaşdırmağa təşviq etmək, bölgədə biznesin inkişafına təkan vermək və regionda gənclər arasında sahibkarlıq fəaliyyətini dəstəkləmək olub.

Layihə çərçivəsində təlimçilər üçün 2 günlük TOT təlimi təşkil edilib. ABŞ-da təhsil almış təlimçilər tərəfindən ilkin olaraq hər iki regiondan seçilmiş tələbələrə “Müvəffəqiyyət bacarıqları” və “Maliyyə Savadı” istiqamətində təlimlər həyata keçirilib. Yeddi sessiyadan ibarət olan “Müvəffəqiyyət Bacarıqları” təlim proqramı ilə tələbələr karyerada uğur qazanmağın, müvəffəqiyyət əldə etməyin yollarını öyrənərək ünsiyyət, əməkdaşlıq, problemlərin həlli və s. kimi iş həyatında lazım olan şəxsi və peşəkar bacarıqlara yiyələniblər. “Şəxsi Maliyyə” təlim proqramıyla isə özlərini bazarda pul, əmək və digər resursları mübadilə edən şəxsiyyət kimi sınayan iştirakçı tələbələr şəxsi maliyyənin əsas elementlərini – qazanc, büdcə, qənaət, investitsiya, kredit və s. – tanıyaraq həmin elementləri real həyatda tətbiq etməyi öyrəniblər.

Növbəti mərhələdə təşkil olunan “Sahibkar ol” təlim proqramı ilə sahibkarlıq fəaliyyətinin istiqamətlərini, biznes planın hazırlanmasını və biznesin idarə edilməsini öyrənən layihə iştirakçıları sonda əldə etdikləri biliklər əsasında öz biznes planlarını hazırlayıblar.

Layihənin yekununda layihə iştirakçılarının komandalar şəklində hazırladıqları biznes planların təqdimatı həyata keçirilib. Ümumilikdə layihə çərçivəsində 12 biznes plan hazırlanıb. Tədbirdə aparılan qiymətləndirmə nəticəsində təqdim olunan biznes planların həyata keçirilmə dərəcəsi, yeniliyi və biznes fəaliyyətin inkişaf planına əsasən hər iki region üzrə ən yaxşı iki komandaya ilkin olaraq 500 manat pul mükafatı verilib. Tədbirin sonunda bütün proqram iştirakçılarına sertifikat təqdim olunub.