“Gələcəyi qur: Məktəblərdə karyeranın planlaşdırılması və inkişafı” layihəsi çərçivəsində müxtəlif sektorlarda işləyən peşəkarlarla görüş təşkil edildi.

12 iyun 2018-ci il tarixində Landmark biznes mərkəzində Şevron Xəzər şirkətinin maliyyə dəstəyi və Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə məktəblilərin müxtəlif sektorlarda işləyən peşəkarlarla görüşü baş tutmuşdur. Görüş 2017-2018-ci tədris ilində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və “Məktəblinin Dostu” layihəsinin tərəfdaşlığı ilə həyata keçirilən “Gələcəyi qur: Məktəblərdə karyeranın planlaşdırılması və inkişafı” layihəsi çərçivəsində təşkil edilmişdir. Tədbirin əsas məqsədi əmək bazarında müxtəlif peşə sahələri üzrə mümkün karyera və iş imkanları barədə şagirdləri maarifləndirmək idi.

Sözügedən görüşdə “Məktəblinin Dostu” layihəsinin tətbiq olunduğu on beş ümumtəhsil müəssisəsindən (200, 20, 211, 189-190, 95, 308, 72, 117, 272, 57, 139, 61, 63, 27, 102 saylı məktəblər) layihənin təlimlər mərhələsində fəallığı ilə seçilmiş 130 şagird iştirak etmişdir.

Məktəblilərin peşəkarlar ilə görüşündə Şevron Xəzər şirkətinin ölkə üzrə rəhbəri Bəxtiyar Axundov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin rəis müavini Orxan Abbasov, “Məktəblinin Dostu” layihəsinin rəhbəri Rüstəm Ağayev, PMD Group şirkətinin İnsan resursları üzrə mütəxəsisi Nərmin Rəhimli, Sosial İnnovasiya Laboratoriyasının qurucusu Cəsur Həsənov, Barama İnnovasiya və Sahibkarlıq mərkəzinin əməkdaşları Fidan Tofidi və İradə Məmmədova, Paşa Bankdan Ceyhun Atayev, Paşa Sığortadan Emin Əzizov, Deloitte Azərbaycandan Fərhad Məlikli, YARAT müasir incəsənət məkanından Hökümə Kərimova, Bakı Hüquq Mərkəzindən Mətin Əsgər, Smile Dental klinikasının həkimi Bəxtiyar Əliyev və Berlin Charité klinikasının həkimi Aygün Babayeva iştirak etmiş və şagirdlərlə öz təcrübələrini bölüşmüşlər.

Görüş iki hissədə təşkil edilmişdir. Birinci hissədə dəvət olunmuş qonaqlar proqram iştirakçılarına karyera seçiminin məktəbdə tədrisinin əhəmiyyətindən, biznes və sahibkarlıq sahəsində uğurlu karyeranın mümkünlüyündən, müasir kənd təsərrüfatında yeniliklər və mümkün karyera imkanlarından danışmışlar. İkinci hissə “world café” formatında təşkil edilmişdir. Bu hissədə şagirdlərə qrup şəklində hər bir peşəkar ilə dəyirmi masa arxasında maraq sahələrinə uyğun müzakirə aparmaq imkanı yaradılmışdır.

Tədbirin sonunda Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin icraçı direktoru Sevinc Məmmədova “Məktəblinin Dostu” layihəsinin kordinatoru Leyla Qurbanova ilə birgə şagirdlərə sertifikatlarını təqdim etmişdir.